Azərbaycan həbsxanaları ilə bağlı müdhiş hesabat açıqlandı... Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) növbəti hesabatını açıqladı

Şrift : |
Tarix :4-01-2019, 09:36
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :

    "Azərbaycan ümumi məhbusların sayına görə Avropada üçüncüdür"

    Siyasi Məhbusları Müdafiə Mərkəzi “Həbs yerlərində saxlanma şəraiti; mövcud vəziyyət, Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair” Hesabatını açıqlayıb. Hesabatda həbs yerləri ilə bağlı korrupsiya, işgəncə faktları, siyasi məhbus problemi və sair kimi bir sıra mühüm məsələlərə toxunulub. Sənəddə həbs yerlərində korrupsiya faktları ilə bağlı qiymətlər, məhbuslara işgəncə verən vəzifəli şəxslərin, eləcədə siyasi məhbuslar haqqında ədalətsiz hökm çıxaran hakimlərin və ittiham aktı tərtib edən prokurorluq əməkdaşlarının QARA SİYAHISI dərc olunub. Hesabatın aktuallığını nəzərə alaraq olduğu kimi hissə-hissə təqdim edirik.


    SİYASİ MƏHBUSLARI MÜDAFİƏ MƏRKƏZİ (SMMM)

    “Həbs yerlərində saxlanma şəraiti; mövcud vəziyyət, Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair”

    HESABAT


    Ümumi məlumat. Təqdim olunan hesabat Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanıb. Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş siyasi məhbusların və onların vəkillərinin təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb.

    Hesabat 2 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtifa edir; həbs yerlərində saxlanma şəraiti və siyasi məhbus problemi.

    Hesabatın hazırlanmasında məqsəd. Məqsəd Azərbaycanda siyasi məhbus problemini gündəmə gətirmək, problemi doğuran səbəbləri və çıxış yollarını araşdırmaq, həllinə nail olmaq, həbs yerlərində saxlanma şəraiti ilə bağlı vəziyyətin yaxşılaşdırılması, məhbus hüquqlarının yerli və beynəlxalq qanunvericilikdə təsbit edilmiş qaydada təmin olunmasına yardımçı olmaqdır. Hesabat qeyd olunan problemlərin həllinə təsir aləti kimi götürülür, problemin ictimai gündəmə gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim olunması, həmçinin ictimai nəzarət funksiyasının həyata keçirilməsinə yardım kimi nəzərdə tutulur.

    Hesabatın hazırlanmasında çətinlik yaradan məqamlar. Həbs yerlərində ətraflı monitorinq aparmaq, mövcud vəziyyəti araşdırmaq, məhbusların hüquq və vəzifələrinin nə dərəcədə təmin olunmasını müəyyənləşdirmək, müqayisəli təhlil aparmaq üçün dəfələrlə cəhd edilsə də Hesabat müəllifləri Ədliyə nazirliyi Penitensiar Xidmətin rəhbərliyi tərəfindən həbs yerlərinə buraxılmayıb.

    Eyni zamanda Hesabatın daha da dolğun, əhatəli və obyektiv hazırlanması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Ədliyə nazirliyinin Penitensiar Xidmətindədir. Təəssüflə qeyd etmək lazımdır ki, bunun üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun şəkildə rəsmi sorğu ilə müraciət edilsə də adı çəkilən qurum qanunvericiliyin tələblərini pozaraq sorğunu cavablandırmaqdan boyun qaçırıb.

    Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvlərinin həbs yerlərinə buraxılmaması, məhbuslarla görüşə icazə və imkan verilməməsi, eləcə də bəzi informasiyalara çıxış imkanlarının məhdudlaşdırılması Hesabatın hazırlanmasında müəyyən çətinliklər yaradıb. Amma bütün bunlara baxmayaraq alternativ imkanlardan istifadə edilərək hesabatı hazırlayıb ərsəyə gətirmək mümkün olub.

    Həbs yerləri və məhbusların sayı ilə bağlı ümumi məlumatlar. Pentensiar Xidmətin açıqladığı məlumatlara görə Azərbaycanda 17 cəzaçəkmə müəssisəsi, bir həbsxana, 3 istintaq təcridxanası, bir tərbiyə müəssisəsi, məhkumlar üçün bir Müalicə Müəssisəsi, 15 məntəqə tipli müəssisə və 14 xüsusi müəssisə var. Bu müəssisələrdə 13 cəza növünün icrası həyata keçirilir. Rəsmi məlumatlarda Azərbaycanda həbs yerlərində saxlanılan məhbusların və təqsirləndirilən şəxslərin dəqiq sayı ya göstərilmir, ya da bu rəqəm reallıqdan az göstərilir. Bu da ölkədə beynəlxalq təcrübə ilə müqayisədə məhbusların say çoxluğunun gizlədilməsinə xidmət edir. Qeyri- rəsmi məlumatlara görə Azərbaycan həbsxanalarında 30 minə yaxın məhbus saxlanılır. Lozanna Universitetinin Avropa Şurası üçün apardığı araşdırmanın nəticələrinə görə Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayına görə Avropada üçüncüdür. 2015-ci ilin məlumatına görə Azərbaycanda 24 min 117 məhbus var. Bu hər 100 min nəfərə 248, 5 məhbus deməkdir. Bu reytinqdə birinci yeri 641 min məhbusu olan Rusiya tutur. Orada əhalinin hər 100 min nəfərindən 438 nəfəri həbsxanadadır.

    Rusiyanın ümumilikdə 144 milyon, Azərbaycanın isə təxminən 10 milyon nəfər əhalisi olduğu nəzərə alınarsa, Azərbaycanda məhbusetmə rəqəmi xeyli yüksəkdir (http://wp.unil.ch/space). Eyni zamanda aparılan araşdırmaya görə son illər ölkəmizdə məhkumların ümumi sayında 23 faiz, həbsxanalardakı sıxlıqda 25 faiz, qadın məhkumların sayında 83 faiz artım qeydə alınıb.
    Maraqlıdır ki, Gürcüstan və Azərbaycanda azadlıqdan məhrumetmə hallarının böyük qismini narkotika ilə bağlıdır. Azərbaycanda 5600, Gürcüstanda isə 2700 məhbus narkotik maddə ittihamı ilə həbs edilib. Başqa sözlərlə Azərbaycanda bütün məhbusların 28 faizini “narkomanlar” təşkil edir. Azərbaycan və Gürcüstanda isə məhbusların ikinci böyük qrupu oğurluğa görə məhkum edilənlərdir.

    Yeri gəlmişkən qeyd edək ki, son illər Azərbaycanda yeni həbs yerləri inşa edildiyi halda Hollandiyada 2014-cü ildə 14, 2016-cı ildə 5 həbsxana (cəza çəkmə müəssisəsi) bağlanıb. Hətta 2016-cı ilin sentyabr ayından türmələr boş qalmasın deyə Norveçdən 240 dustaq cəza çəkmək üçün Hollandiya həbsxanalarına yerləşdirilib. Hollandiya əhalinin hər 100 000 nəfərinə düşən məhbusların saylına görə 59 nəfərlə Avropada 49-cu yerdə qərarlaşıb (mənbə; http://www.prisonstudies.org/).

    Həbs yerlərində ümumi vəziyyət

    a) Pozitiv məqamlar. Keçmiş SSRİ dövrü ilə müqayisədə Azərbaycanda hazırda həbsxanalardakı ümumi vəziyyət və məhbusların hüquqlarının təmin olunması ilə bağlı az da olsa müəyyən nəzərə çarpacaq dəyişiklilər var. Bu proses ölkənin Avropa Şurasına daxil olması, “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiyaya qoşulduqdan sonra start götürüb. Bakıda Bayıl həbsxanası daxil olmaqla müasir tələblərə cavab verməyən bir sıra həbs düşərgələri ləğv edilərək yenilərinin tikintisinə başlanılıb. Paytaxtda Məhəmmədli Kürdəxanı ərazisində müasir tələblərə müəyyən qədər cavab verən Bakı İstintaq Təcridxanası, Şəkidə isə İstintaq Təcridxanası və qarışıq tipli Cəza çəkmə Müəsissəsi tikilib istifadəyə verilib. Hazırda ölkənin bir sıra bölgələrində yeni İstintaq Təcridxanalarının və Cəza Çəkmə Müəssisələrinin tikilməsinə başlanılıb. Bəzi rayon, şəhər polis idarələrinin Müvəqqəti Saxlama Təcridxanaları (MST) yenidən tikilib və ya təmir edilib. Əvvəlki illərlə müqayisədə məhbusların saxlanma şəraiti, yemək, tibbi xidmət, daşınma, nəzarət və s. məsələlərdə az da olsa müəyyən irəliləyişlər mövcuddur.
    Hüquqi vəziyyətlə bağlı Milli Məclisdə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli yeni Qanun qəbul edilib. Qanunun bir sıra müddəaları Avropa Penitensiar Qaydalarının tələblərinə uyğun hazırlanıb. 2013- cü ildən etibarən sənəddə nəzərdə tutulan bir sıra hüquqlar tətbiq olunmağa başlanılıb. Xüsusən, məhbusların yaxınları ilə əlaqə saxlaması, onlarla həftədə iki dəfə telefonla danışmaları, görüşməsi, televiziya və radio verilişlərini dinləməsinə şərait yaradılması və s. Qanunun qəbul olunması dustaqların hüquq və vəzifələrinin yaxşılaşdırılmasına qanunvericilik əsası yaradıb. Amma təəssüf ki, qanunun tətbiq olunması istiqamətində işlər çox zəif gedir.
    Əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına diqqət artıb. Həmin təşkilatların nümayəndələri (məsələn, BMT İşgəncələr Əleyhinə Komitə, AŞPA, Beynəlxalq Qırmızı Xaç Komitəsi və s.) həbs yerlərinə baş çəkir, məhbuslarla görüşür, onların saxlanma şəraiti və hüquqlarının necə təmin olunması ilə maraqlanırlar.
    Real təsir gücünə malik olmasa da Ombudsman aparatının əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş şəkir, dustaqlarla görüşüb onların şikayətlərini dinləyirlər.
    Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsinə nəzarətin təşkil edilməsi məqsədlə Ədliyyə Nazirliyinin strukturunda Cəzaların icrasına nəzarət üzrə müfəttişlik və İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılıb.
    Eyni zamanda əvvəlki illərlə müqayisədə aidiyyatı həbs yerlərində dövlət orqanları dustaqlara dini ayinlərə əməl etməyə icazə verirlər.
    b) Neqativ məqamlar. Azərbaycanda olan həbs yerlərinin (İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin- red.) əksəriyyəti Sovet dövründən qalma köhnə tikililərdir. Ölkənin hər yerində və bütün dövlət qurumlarında olduğu kimi həbs yerlərində də qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrı- seçkilik, korrupsiya, qanunsuzluq və işgəncə halları mövcuddur. Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim və s. problemləri bərbad vəziyyətdədir. Həbs yerlərinə və məhbusların saxlanmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə nazirliyinin Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət üçün qapalı, qeyri- şəffaf, hesabatlılıqdan qaçan, ictimai məlumatlandırmanı obyektiv və operativ təmin etməyən qurum təsiri bağışlayır. Sözü gedən qurum bu sahədə mövcud olan yerli və beynəlxalq qanunların tətbiq olunması, dustaqların faydalı işlərə cəlb olunması, onların cəmiyyətə yenidən adaptasiya olunması istiqamətində hər hansı təsirli tədbirlər görmür. Dustaqlar üçün həbs yerləri əksər hallarda bir növ azadlıqdan məhrum olunan şəxslərin islah olunması, öz səhvlərindən nəticə çıxarması əvəzinə daha çox onların cəza çəkilən, qanunsuzluğun və ədalətsizliyin baş alıb getdiyi bir mühitdən bir az da kobud və qisasçı ruhda yenidən cəmiyyətə qaytaran müəssisə təəssüratı yaradır.

    İstintaq Təcridxanalarında vəziyyət

    Son dövrlərdə Azərbaycandakı Ədliyyə nazirliyi Penitensiar Xidmətin nəzdindəki həbsxanalar- İstintaq Təcridxanaları (İ.T), Cəzaçəkmə müəsisələri (CÇM -lər) və onların fəaliyyətləri, eyni zamanda insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulması barədə müxtəlif fikir, rəylər formalaşıb. Bu mülahizələrin içərisində obyektiv və subyektiv fikirlər mövcuddur. Məlumdur ki, ölkədə 1 saylı Bakı İstintaq Təcridxanası, 2 saylı Gəncə İstintaq Təcridxanası və 3 saylı Süvəlan İstintaq Təcridxanası fəaliyyət göstərir. 1-saylı Bakı İstintaq Təcridxanası müəyyən qədər müasir standartlara uyğun olaraq dövlət vəsaiti hesabına tikilib istifadəyə verilib. İlk baxışdan elə görünürdü ki, buradakı işçi və xidmət personalı da Avropa həbsxanalarına uyğun hazırlanıb formalaşacaq, qanunlar öz gücü ilə işləyəcək. Çox təəsüf ki, Azərbaycan “standartları” reallığı özünü tez biruzə verdi. Belə ki, buradakı təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları “burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına. Məhkumların və onların yaxınlarının hüquqları ilk olaraq təcridxananın girəcəyindəki “sovqat qəbulu” məntəqəsində pozulur. Yaxınlarına sovqat ötürməyin müxtəlif qiymətləri mövcuddur. 5- 15 manat bir şəxsə göndərilən, qanuni sovqatın kasıblar üçün müəyyən olunmuş qiymətidir. ”Burjuylar” üçün daha yüksək məbləğ ödənilir və onlara göndərilən sovqatlara məhdudiyyət qoyulmur. ”Peredaça”- nı qəbul edən məhkumlar ilk öncə korpus “starşina”- sını görməlidir, eyni zamanda həmin korpuslarda növbə çəkən nəzarətçilərə də “milli mentalitet”-ə uyğun olaraq “hörmət” edilməli, yəni pul verilməlidir. Pul olmasa “humanist” nəzarətçilərin məhkum üçün evdən gələn yeməklərin ən yaxşısını seçib götürmək hüququ var. Kameralarda qızdııcı elektrik avadanlığından istifadə etmənin 1 saylı Bakı İstintaq Təcridxanasında aylıq qiyməti 100- 150 manat arasındadır. Saxlanması qadağan olunan digər əşyaların istifadəsi üçün də “rejim” tərəfindən dəqiq müəyyən edilmiş qiymətlər var. 1 saylı və 3 saylı İstintaq Təcridxanaları arasında gözlə görünən böyük fərqlər mövcuddur. Bakı İstintaq Təcridxanasının imkanlı işçilərinə rəğmən Şüvəlandakı xidmət personalı öz insafına görə fərqlənir. Buradakı zabit və gizirlər, nəzarətçilər bir qədər kasıb təbəqəyə mənsubdurlar və onlarla “dil tapmaq” daha asandır. Şüvəlan Təcridxanasındakı yaşayış korpusları köhnədir, əksər korpuslar Bakı neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin at tövləsi olub. İstilik və havalandırma sistemləri yoxdur. Bakı İstintaq Təcridxanasından fərqli olaraq Şüvəlan İstintaq Təcridxanasında elektrik qızdırıcıları üçün aylıq haqq alınmır. Burada “Titanik” adlanan 3 mərtəbəli, 100-dən yuxarı kamerası, nisbətən yaxşı şəraiti olan binada da əsasən “burjuylar” qalır. Siyasi məhbuslar, jurnalistlər də burada saxlanılır. Lakin “burjuylar”-dan fərqli olaraq siyasi məhbus və jurnalistlərdən təmənna güdülmür. Məhkumların yaxınlarının göndərdiyi sovqata görə 5-10 manat arası pul ödənilir. Bu yazılmamış qanunlar Azərbaycandakı bütün polis şöbələrindəki Müvəqqəti Saxlama Təcridxanalarında (MST), İstintaq Təcridxanası, Cəza Çəkmə Müəssisələrində mövcuddur və dəhşətli xərçəng xəstəliyi kimi məhbusları və onların yaxınlarını sorub yeyir. Polislərin nəzarətindəki MST- larda vəziyyət daha acınacaqlıdır, hər bir şey üçün pul ödəmək lazımdır. Əksər MST- lərdə verilən qanuni görüşə də pul ödənməlidir. Məhkuma göndərilən hər 10 siqaretdən biri xidmət çəkən ədliyyə əsgərlərinə verilir, üstəlik gecə növbəsində olan nəzarətçilər kameraları gəzərək əsgərlər üçün qənd, çay ”55” (yəni şirniyyat) yığırlar.

    İstintaq təcridxanalarında saxlanılan şəxslər bir çox hüquqlarından məhrum olurlar - tibbi yardımdan, televiziyadan, mətbuatdan, idmandan və bəzən də işgənçəyə məruz qalırlar. Kameralar 16- 17 kvadratmetrdir. İçəridə açıq ayaqyolu var (məsələn, Şüvəlan İstintaq Təcridxanası). Bu da işıqlandırma yeri kiçik (gözlükər 50 x 80 sm ölçüsündədir), havalandırma mexanizmi olmayan kameralarda müxtəlif problemlər və hətta bir çox xəstəliklər yaradır. Saxlanma otaqlarında (kamerada) soyutma sistemi (kondisioner) yoxdur. Yayda elektrik soyutma ventilyatoru dustaqın öz hesabına alınır. Xəstələr saglam adamlarla eyni kameralarda saxlanılır.

    Əyalətlərdəki İstintaq Təcridxanalarında vəziyyət. Bakı və Bakı ətrafı həbs yerləri ilə müqayisədə əyalətlərdəki anoloji müəssisələrin vəziyyəti daha fərqli, bəzilərində isə daha da acınacaqlıdır. Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif, ictimai nəzarətin isə ümumiyyətlə olmadığı bu müəssisələrin həm texniki vəziyyəti, orda dustaqların saxlanma şəraiti, həm də qanunların tətbiqi bərbad vəziyyətdədir. Məsələn, Gəncədəki İstintaq Təcridxanasında saxlanılmış məhbuslar ordakı vəziyyətlə bağlı bildirir ki, məhbuslara verilən yeməyin keyfiyyəti çox aşağıdır, saxlanma yerində antisanitariya hökm sürür, tibbi xidmət bərbad haldadır; “Dustaqalara verilən yeməkləri yemək mümkün deyil. Təsəvvür edin ki, çürümüş toxumluq kartof soyutmasını verirlər. Çörəyi isə kəpəkdən bişirirlər. Evlərindən azuqə gəlməyən məhkumlar ondan yeməyə məcburdurlar. Burada davranış məsələsində SSRİ-dən qalma qaydalar əsas götürülür. Həm də kameralarda “qarmoşka” deyilən gözlüklər var. Ora açılarkən kamerada havalanma olur. Gəncə təcridxanasında “qarmoşkan”-ı gün ərzində beş manata açırlar. Burda da rüşvət mexanizmi geniş yayılıb və bu mexanizm mərkəzləşdirilib, hər bir müəssisədə bir nəfər pulun toplanması və ötürülməsi işi ilə məşğul olur”.

    Salyanda yerləşən 5 saylı Xələc Cəza Çəkmə Müsəsisəsində də anoloji vəziyyət hökm sürür. Bu cəzaçəkmə müəssisəsində cəza çəkmiş dustaqlar burada vəziyyətin digər CÇM- lərdən fərqlənmədiyini bildirir:

    «Azərbaycanda ümumiyyətlə cəzaçəkmə müəssisələri insan ləyaqətinin alçaldılması, tapdalanması üçün uyğunlaşdırılıb. Xüsusilə də Xələcdə 5 saylı Cəzaçəkmə müəssisəsi. Nə qədər orda vəziyyətin düzəldiyi bildirilsə də, əgər Salyanda dinc əhalinin su, istilik, elektrik problemi varsa, insanlar hüquq-mühafizə orqanları qarşısında öz hüquqlarını müdafiə edə bilmirlərsə, cəzaçəkmə müəssisələrində vəziyyətin fərqli olduğunu düşünmək absurddur və gülüncdür».

    Şəkidə inşa edilən İstintaq Təcridxanası ilə bağlı həmin Təcridxanada cəza çəkmiş keçmiş siyasi məhbus Tofiq Yaqublu bildirir ki, bu müəssisə yenidir, müasir təcridxanadır; “Kameralar geniş, çarpayılar normaldır. Ancaq bir müddət keçdikdən sonra kameralara əlavə çarpayılar yerləşdirdilər. Soyuducuların sayı az idi. Evdən gələn sovqatı yerləşdirmək olmurdu və o üzdən ərzaq xarab olurdu. Gəncə İstintaq Təcridxanası isə köhnə tikilidir. Antisanitariya hökm sürür və kameralarda dəhşətli sıxlıqdır. Telefon danışıqları pulla verilir və qiyməti çox baha olur. Məhkəməyə aparılmış məhbusları geri qayıdarkən sıxlıq və antisanitariya olan yerə salırlar ki, onlar pul verib tezcə öz kameralarına keçsinlər”.

    Tofiq Yaqublu qeyd edir ki, “Bakı İstintaq Təcridxanasında kameralarda çarpayı sayından çox məhbus yerləşdirirlər və nəticədə onlar növbə ilə yatmalı olurlar. Bu, yataq gigiyenasının kobud şəkildə pozulmasıdır. Şüvəlan İstintaq Təcridxanasında dəhşətli antisanitariya mövcuddur. Həmin Təcridxana köhnə tikilidir. Kameralarda tualetlər üstü açıqdır. Çarpayı və yemək stolu tualetə çox yaxındır”.

    Cəza Çəkmə Müəssisələrində (CÇM) vəziyyət. Rəsmi məlumatlara görə Azərbaycanda həbs yerlərində 20 mindən çox məhbus saxlanılır. Qeyri- rəsmi məlumatlara görə isə məhbusların sayı daha artıqdır. Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində cəza çəkirlər. CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər barakda bəzən 150- 200 nəfər adam bir yerdə saxlanılır. Onların arasında hepatit (muxtəlif formada), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar ciyin- ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur, Dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə istidən əziyyət cəkirlər. Hər CÇM -nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir- baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və Konvensiyaya muvafiq öhdəliklər götürüb, amma onlara əməl edilmir.

    Dustaqlara verilən ərzaq və geyim keyfiyyətsizdir və bu səbəbdən dustaqlar evdən gətirilən ərzaq, geyim və yataq dəstlərindən istifadə edirlər. CÇM- lərdə dustaqlar ücün dükan var, lakin satılan ərzaq, siqaret və digər lazımi əşyalar həddindən artiq bahadır. Tibbi xidmət otaqlarında lazımi xidmət olunmur və buna görə agır xəstələr dərmanları evdən öz hesabına aldırırlar, bir çox CÇM- lərində dustaqlar ücün idman zalı yoxdur və ya bərbad vəziyyətdədir.

    CÇM- nə təzə gələn dustaqlara qarşı alçaldıcı formada (bir- birinin gözü qabağında lüt soyundururlar- red.) onların üzərində axtarış əməliyyatı aparılır və sonra "karantin" adlanan otaqda geyri- normal şəraitdə saxlayırlar. Məhbuslara verilən yataq dəstləri köhnə, keyfiyyətsiz və pis vəziyyətdədir. Həftələrlə, bəzən aylarla dəyişdirilmir. Bir çox hallarda dustaqlar yorğan- döşək və digər yataq dəstlərini evlərindən gətirməyə məcbur olurlar.

    Həbs yerlərində dustaqlara verilən yeməklərlə bağlı heç bir yerdə yemək cədvəli asılmayıb. Dustaqlar bunu tələb edəndə bildirirlər ki, rəisin otağındadır (!?). Eyni zmanda heç bir yerdə dustaqlara çatası ərzaq, qeyri- ərzaq, geyim və digər ləvazimatlarla bağlı hər hansı siyahı, bildiriş yoxdur. Və bunları öyrənmək mümkün deyil. Bəzi CÇM- lərində dustaqlara yeməkxanalarda 2 cür yemək verilir; pulsuz və pullu yeməklər.

    Müstəqil qəzetləri əldə etmək, abunə yazılmaq mümkün deyil. Poçt sistemi çox zəif işləyir. 10 km-lik məsafəyə, əlaqədar təşkillatlara göndərilən məktuba bəzən 2 aya cavab gəlmir.

    Keçmiş siyasi məhbus Tofiq Yaqublu Cəzaçəkmə Müəssisələrində də vəziyyətin acınacaqlı halda olduğunu bildirir. O qeyd edir ki, “saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsində;

    - Ora gətirilmiş məhbusları qəbul edərkən döyürlər. Bunu profilaktik tədbir sayırlar ki, məhbus hara gəldiyini “yaxşı” dərk etsin və üzüyola olsun;
    - Məhbuslar baraktipli tikililərdə qalırlar. Burada dəhşətli sıxlıq, üfunət və havasızlıq olur. Çarpayılar ikiyaruslu olmaqla çox kiçikdir. Çarpayılar arasındakı məsafə olduqca kiçikdir. Hər barakda pullu (imkanlı) məhbuslar üçün nisbətən geniş və səliqəli otaqlar var;
    - Həbsxanaya müxalifət yönlü mətbuat buraxılmır;
    - Həbsxananın ərazisi abad deyil, həbsxananın həyətindəki tualet namünasib və çirklidir;
    - Məhbusların yemək bişirdikləri mətbəx dəhşətli dərəcədə natəmiz, pinti və şəraitsizdir;
    - Məhbuslar şəxsi ərzaqlarını saxlamaq üçün divarboyu rəflərdəki yeşiyi pulla almalıdırlar.
    - Həbsxanada qrup halında dava- dalaş olanda konkret günahkarlardan savayı daha çox məhbusu şiddətli döyməklə cəzalandırırlar;
    - Kitabxana çox kiçik otaqda yerləşdirilib və s.

    Danışıq məntəqəsinin dar olması və telefon aparatlarının sayının az olması ucbatından məhbuslar uzun növbəyə durmalı olurlar. Növbətçilik təmin olunmur. Stadion kələ- kötür bir sahədir və mətbəxin kanalzasiyasının bir hissəsi birbaşa bu sahəyə axır.

    Həbs yerlərində korrupsiya halları mövcuddur. Dustağa gətirilən pulun 10%- ni götürürlər. Telefon danışığı pulludur. Vaxtından əvvəl 1/3- lə azadlığa çıxmaq üçün pul verilməlidir. Yaxşı yerdə çarpayıda yatmaq üçün rüşvət verməlisən. Dustağın yanına soyuducu gətirmək üçün 100 manat rüşvət verməlisən. Ərzaq və paltar qoymaq üçün yeşik saxlamağa pul verməlisən və s”.

    Yeri gəlmişkən qeyd edək ki, Qaradağ rayonu Buta qəsəbəsində yerləşən 13 saylı CÇM daş karxanalarının arasında yerləşir, ekoloji baxımdan əlverişsiz və insan həyatı üçün təhlükəli olduğundan həmin müəssisəni bəzən “ölüm düşərgəsi” adlandırırlar. Bir sıra yerli və beynəlxalq təşkilatlar həmin CÇM- nin ləğv edilməsini tələb etsə də müəssisə fəaliyyətini davam etdirir. Əksinə hakimiyyət daha çox qəzəbli və qərəzli olduğu siyasi məhbusları bir çox hallarda 13 saylı CÇM- nə göndərir.

    Məhbuslara verilən yeməyin keyfiyyəti barədə. Istər İstintaq Təcridxanalarında, istərsə də Cəza Çəkmə Müəssisələrində məhkumlara verilən yeməyin keyfiyyəti çox aşağıdır. Minlərlə məhkumun 20- 30%- i bu yeməklərdən istifadə edir, böyük əksəriyyət isə evdən gələn ərzaqla qidalanırlar. Dövlətin hər məhkum üçün ayırdığı ərzaq normasının həcmini və hara getdiyini bilən yoxdur. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 2014- cü ildə Penitensiar Xidmətə rəsmi sorğu ilə müraciət edərək Azərbaycanda bir məhbusun saxlanmasının dövlətə hansı həcmdə maliyyə vəsaiti hesabına başa gəldiyini öyrənmək istəsə də təəssüf ki, adı çəkilən qurum qanunvericiliyə zidd olaraq ictimai vəsait olan dövlət büdcəsindən xərclənən vəsaitlə bağlı məlumatı verməkdən imtina edıb. Amma Avropa Şurası ekspertlərinin apardığı hesablamalara görə Azərbaycanda 1 dustağın saxlanmasına 2010-cu ildə gündəlik 8,79 avro ayrılıb. Avropa ölkələri ilə müqayisədə bu rəqəm çox azdır. Amma Azərbaycan reallığında dustağın ərzaq təminatı üçün faktiki xərclənən vəsait qeyd olunan vəsaitin həcmindən də azdır. Nəzərə alaq ki, bu rəqəm 8 il bundan öncəki bazar qiyməti ilə qeyd olunub. Göründüyü kimi dustaqların ərzaq təminatının ödənməsi üçün ayrılan maliyyə vəsaiti onlara faktiki olaraq verilən ərzaq, qida maddələri və yeməyin keyfiyyəti və həcminə adekvat deyil.

    Həbsxana və müvəqqəti saxlama təcridxanalarındakı vəziyyətə beynəlxalq baxış. Azərbaycandakı saxlanma və həbs yerlərində vəziyyətlə bağlı vaxtaşırı olaraq beynəlxalq təşkilatlar və qurumlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ Dövlət Departamenti, Amnesty İnternational, Human Rights Watch təşkilatı və s.) tərəfindən açıqlanan hesabatlarda məlumat və münasibətlər yer alır. Bu istiqamətdə son 3 ildə yayılan hesabatları ümumiləşdirsək bu qənaətə gəlmək olar ki, “Azərbaycanda həbsxana şəraiti ağır olaraq qalmışdır və infrastrukturun təkmilləşdirilməsinin davam etdirilməsinə baxmayaraq bəzi həbsxanalardakı şərait həyat üçün təhlükəlidir. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yolxucu xəstəliklərin yayılması probleminə səbəb olmuşdur” (ABŞ Dövlət Departamentinin Hesabatından; http://photos.state.gov/libraries/azerbaijan/749085/hajiyevsx/).

    Hesabatlarda qeyd olunur ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir. Dövlət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri ilə görüşlərə məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Keçmiş məhbusların bildirdiyinə əsəsən gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırırlar.
    Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxuyurlar. Həbsxana uçot sistemi lazımi səviyyədə təşkil edilməyib və s.

    Həbs yerlərində dustaqların saxlanma sıxlığı. Yuxarıda qeyd olunduğu kimi Azərbaycanda mövcud olan həbs yerlərinin əksəriyyəti Sovet dövründə tikilib və müasir tələblərə cavab vermir. Digər tərəfdən son illər ölkədə həyata keçirilən geniş miqyaslı həbslərdən dolayı həbsxanalarda dustaqların saxlanma sıxlığının artdığı müşahidə olunmaqdadır. Aparılan araşdırmalar göstərir ki, istər İstintaq Təcridxanalarında, istərsə də Cəza Çəkmə Müəssisələrində dustaqlar üçün nəzərdə tutulan adam başına saxlanma tutumu normadan artıqdır. Bir dustaq üçün saxlanma sıxlığı minumum 4 kv.m nəzərdə tutulduğu halda (bax; “Həbs yerində saxlanan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, Maddə 21.2) bu rəqəm bir çox hallarda 2- 2, 5 kv. m-ə düşür. İstintaq Təcridxanalarında (məsələn, 3 saylı Şüvəlan İstintaq Təcridxanası-red.) dustaqların saxlandığı kameralarda hündürlüyü 1 metr olan üstü açıq ayaq yolu var. Ümumi yaşayış sahəsinə daxil olan ayaq yolları kameralarda sanitar və havalanma nöqteyi- nəzərdən problemlər yaradır.

    Aşağıdakı cədvəldə dustaqların saxlanma sıxlığı (kamera və baraklarda) real duruma uyğun qeyd olunub;

    Cədvəl 1.

    Həbs yerlərində dustaqların saxlanma sıxlığı (nəfər/kv.m-lə)
    Azərbaycan həbsxanaları ilə bağlı müdhiş hesabat açıqlandı...

















    Qışda kamera və baraklarda temperatur 18 dərəcədən aşağı olmamalıdır. Amma bəzən saxlanılan yerlər o qədər soyuq olur ki, dustaqlar evdən gətirdikləri 2 yorğana bürünüb yatırlar.

    Dustaqların yanına gələn məhbus ailələri və yaxınları üçün həbs yerlərində gözləmə yerləri ya yoxdur, ya da bərbad vəziyyətdədir. Mövcud olan əksər gözləmə “sığınacaq”-ları isə uçuq- sökük, toz- torpaq içində, anti- sanitariya vəziyyətindədir. Qışda soyuqdan, yayda isə istidən orda dayanmaq mümkün deyil. Həmin yerlərin sərinləşdirici ventiliyasiya və istilik sistemi yoxdur.

    Müalicə Müəssisəsində vəziyyət. Ədliyyə nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə almış keçmiş məhbusların verdiyi məlumatlara görə adı çəkilən müəssisədə saxlanma şəraiti və mualicə acınacaqlı və çox bərbad vəziyyətdədir. Tibbi xidmət çox zəifdir, pulu olmayan məhkumlar ciddi şəkildə müayinə və müalicə olunmurlar. Bir-iki ağrıkəsici dərmandan başqa heç nə verilmir.

    Şöbələrdə antisanitariya hökm sürür. Hər şöbədə (100 - 120) xəstə ücün bir sanitar qovşagı var, palatalarda muxtəlif xəstəliklərdən (vərəm, Hepatit, SPİD və s.) əziyyət çəkən dustaqlar bir yerdə yerləşdirilir. CÇM- dən hospitala “naryad” almaq ücün sistemləşdirilmiş şəkildə rüşvət verilməlidir. Qapalı və xüsusi tipli rejimlər ücün “naryad” sirf Penitensiar Xidmətin göstərişi ilə verilir. Narkomaniyadan mualicə yalnız kağız üzərində aparılır. Bu cür “mualicə”-ni almamış məhkum cəza müddətindən əvvəl azad ola bilmir, ona görə tələb olunan rüşvəti verməyə məçbur olur. Məhbusların Müalicə Müəssisəsinə köçürülməsi zamanı bəzən onlar arasında ayrı- seçkilik edilir. İmkansız və həbsində siyasi motivlər olan məhbusların Müalicə Müəssisəsinə köçürülməsi aylarla yubadılır, bəzən isə imkan verilmir.

    Əsassız həbslər və saxlanılanlarla rəftar. Bir çox yerli və beynəlxalq tənqidlərə baxmayaraq ölkədə qanunsuz və əsassız həbslər azalmaq əvəzinə artmaqdadır. Bir növ polis, hüquq- mühafizə orqanları nəyin bahasına olursa olsun insanları cəzalandırmaq üçün onları həbs etməyə daha çox meyllidir. Bu meyl sərt inzibati idarəetmə tələbindən doğmaqla, ölkədə qorxu xofunun möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, həm də korrupsiya faktorundan irəli gəlir. Yəni həbs olunanların böyük əksəriyyəti həbs edənlərin hədəfində həm də potensial gəlir mənbəyidir. Son illər genişlənən qanunsuz həbslər təkcə sıravi şəxslərin deyil, ictimai- siyasi fəalların da say artımı ilə müşahidə olunmaqdadır. Məsələn, ölkənin aparıcı müxalifət partiyalarından olan AXCP- nin yalnız rəhbərliyinə daxil olan 10- a yaxın şəxs qanunsuz həbs həyatı yaşayır. Müsəlman Birliyi Hərəkatının sədri, sədr müavini (Taleh Bağırzadə və Elçin Qasımov- red.) başda olmaqla təşkilatın bütün İdarə heyəti üzvləri, aparıcı fəalları həbsdədir. NİDA Vətəndaş Hərəkatının 5 tanınmış üzvü həbsdədir. Musavat və İslam partiyasının da bəzi üzvləri qanunsuz həbs həyatı yaşayır və s.
    Aparılan araşdırmalar göstərir ki, ictimai siyasi fəallar daha çox Hakimiyyəti zorla ələ keçirmə (Maddə 278), Hakimiyyət nümayəndəsinə müqavimət (315- ci maddə), Narkotika (234- cü maddə), Xuliqanlıq (221- ci maddə), Qanunsuz silah gəzdirmə (228- ci maddə), Qanunsuz hərbi birləşmələrdə iştirak, İğtişaşlara çağırış və iştirak (220.1, 220.2- ci maddə), Vəzifə səlahiyyətlərindən sui- istifadə (308- ci maddə), qanunsuz sahibkarlıq və vergidən yayınma və s. qondarma maddələrlə ittiham olunaraq həbs edilirlər.

    “Əsassız həbs və ya saxlama qanunla qadağan olunsa da, hökumət ümumilikdə bu qadağalara əməl etməmiş və cəzasızlıq problem olaraq qalmışdır”. Bu barədə qeyd ABŞ Dövlət Departamentinin, eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında və bəyanatlarında vaxtaşırı əks olunur. Siyasi cəhətdən fəal olan və digər şübhəli şəxslər bəzən polis təcridxanasında olarkən bir neçə saat və yaxud bir neçə gün ətraf mühitdən təcrid olunmuş şəraitdə saxlanılıblar. Dövlət orqanları tərəfindən tez-tez siyasi motivlərə söykənən və adi məhkəmə işləri zamanı vəkillərin öz müştəriləri ilə görüşmələrinə icazə verməməsi halları mövcuddur. Məsələn, Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə 26 noyabr 2015- ci ildə həbs olunarkən uzun müddət onun vəkili ilə görüşünə icazə verilməmiş, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xarici aləmdən təcrid olunmuş vəziyyətdə saxlanılıb və işgəncələrə məruz qalıb.

    2017- ci ilin baş vermiş ən səs- küylü və əsassız həbslərindən biri AXCP-nin sədr müavini, Milli Suranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlının həbsidir. O, 25 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax rayonu ərazisində yerləşən “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsini keçərkən çantasına 12 min ABŞ dolları qoyularaq həbs edilib. O, Cinayət Məcəlləsinin 206.1- ci maddəsi ilə (qaçaqmalçılıq) ittiham edilərək 3 il müddətə azadlıqdan məhrum edilib.

    Gözəl Bayramlı səhhətində yaranan ciddi problemlərə görə vaxtaşırı müayinə və müalicə məqsədi ilə tez- tez qonşu Gürcüstana gedirdi. Belə səfərlərin birində ölkəyə qayıdarkən həbs olunub. Onun həbsindən 21 gün əvvəl- 04 may 2017-ci il tarixdə hakimiyyətin maraqlarına xidmət edən virtualaz.org saytında Eynulla Fətullayev “Gürcüstanda gizli antiazərbaycan yuvaları-görüşlər, pullar, təlimatlar” başlıqlı məqaləsində Gözəl Bayramlıya qarşı “Emissarlarla görüşüb, pul və təlimatlar alıb, geri qayıdıb” kimi əsassız ittihamlar irəli sürüb.

    Əfqan Muxtarlının həbsi. Gözəl Bayramlının həbsindən bir neçə gün sonra müstəqil araşdırmaçı jurnalist, oturum izni alaraq Gürcüstanda yaşayan Əfqan Muxtarlı mayın 29-u Tbilisidə yaşadığı evin yaxınlığında oğurlanıb başına torba keçirilərək zorla Azərbaycana gətirilərək absurd ittihamlarla həbs edilib. 2017- ci ilin may ayında Gürcüstanda yaşayan iş adamı, “Lanset” klinikasının təsisçisi Fərman Ceyranlı da həbs olunub. Xatırladaq ki, hər üç şəxsin Azərbaycan hakimiyyəti üçün təhlükəli şəxs olması yuxarıda adı çəkilən “Gürcüstanda gizli antiazərbaycan yuvaları-görüşlər, pullar, təlimatlar” adlı yazıda qeyd olunub.

    Azərbaycan hüquq- mühafizə orqanları oğurlanıb Bakıya gətirilən Əfqan Muxtarlını üzərində 10 min avro ilə sərhədi qanunsuz keçməkdə ittiham edərək ona qarşı sərhədi qanunsuz keçmə (Maddə 318.1), qaçaqmalçılıq (Maddə 206.1) və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək (Maddə 315.2) ittihamı irəli sürülüb. O, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.
    Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib ki, Ə.Muxtarlı dostları ilə görüşdükdən sonra evə gələrkən ona zəng edib və yolda olduğunu bildirib. O qeyd edib ki, Ə.Muxtarlının həmin vaxt üzərində bir neçə lari məbləğində pulu varmış, xarici pasportu isə üzərində deyil, evdə olub.

    Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranı olan Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda fəal iştirak etmiş, “Silahlı Qüvvələrin tender gizlinləri”, “Əliyevlərin Gürcüstandakı biznesləri” (https://www.meydan.tv/en/site/politics/8759/, https://www.meydan.tv/en/site/society/9330/, https://www.meydan.tv/az/site/politics/9580/ və s. adlı araşdırma- yazıların müəllifidir. O bu yazılarda hakim ailənin Gürcüstandakı biznes gizlinlərini açır, dövlət büdcəsindən mənimsəmələr və korrupsiya hallarını kəskin tənqid edib (https://iwpr.net/people/afganmukhtarli, http://reporter.ge/tag/aphgan-mukhtarli/).
    Ə. Muxtarlının həbsində hüquqi pozuntular. Əfqan Muxtarlının hüquqlarını müdafiə edən vəkillər, ictimai müdafiəçiləri və həyat yoldaşı Leyla Mustafayeva onun həbsini Azərbaycan və Gürcüstan hüquq- mühafizə orqanlarının öncədən planlaşdıraraq siyasi sifariş əsasında birgə həyata keçirdikləri əməliyyat hesab edirlər. Jurnalistin vəkilləri bildirir ki, həbs və istintaq dövründə onun bir sıra hüquqları kobud şəkildə pozulub. Bu pozuntuların aradan qaldırılması və istintaqın obyektiv, hər tərəfli həyata keçirilməsi ilə bağlı vəkillərin verdiyi bütün vəsatətlər rədd edilib. İstintaq orqanı faktiki olaraq bununla da ibtidai araşdırmanın ilkin dövründən müstəqil və obyektiv araşdırma aparmaq imkanlarından imtina edib. Jurnalistin vəkillərindən olan Elçin Sadıqovun verdiyi və rədd edilən vəsatətləri aşağdakılardır:
    1. Ə.Muxtarlının üzərindən çıxdığı iddia edilən 10 min Avronun üzərindəki əl-barmaq izlərinin çıxarılması və kimə məxsus olması barədə ekspertiza keçirilsin;
    2. Sərhəd zastavasının 29 may 2017-ci il tarixə saat 20:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan müşahidə və təhlükəsizlik kameralarının videolent yazıları və görüntüləri təqdim edilsin; (Həmin vəsatət təmin olunsaydı Ə.Muxtarlının sərhəd zastavasına avtomobildə gətirilib gözübağlı şəkildə avtomobildən düşürülüb zasatavanın inzibati binasına salındığı sübut ediləcəkdi və onu gətirən xüsusi təyinatlıların şəxsiyyətini müəyyən etməyə imkan verəcəkdi- red.)
    3. Əfqan Muxtarlının bədəni üzərindəki xəsarətlərin müayinə edilməsi üçün dərhal məhkəmə tibbi ekspertizası təyin edilsin; (Müstəntiq ekspertin səlahiyyətlərini mənimsəyərək belə nəticəyə gəlib ki, Ə.Muxtarlının bədənində heç bir xəsarət yoxdur, ona görə bu vəsatət də təmin olunmamalıdır. Halbuki ekspertiza rəyi olmadan müstəntiq də daxil olmaqla heç kəsin belə fikir söyləmək hüququ yox idi- red.)
    Eyni pozuntular Balakən rayon məhkəməsində davam etdirilmiş və Əfqan Muxtarlı 6 il müddətə azadlıqdan məhrum edilib.


    ABŞ Dövlət Departamenti, Amnesty İnternational təşkilatı, Avropa Parlamenti və digər qurumlar Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə bağlı müvafiq sənədlər qəbul edib, hər iki şəxsin həbsindən narahatlıq ifadə edərək Azərbaycan hökümətini onları və həbsində siyasi motivlər olan digər məhbusları azadlığa buraxmağa çağırıb." (Ardı var...)

    Dekabr 2018- ci il, Bakı şəhəri



    Qeyd; Hesabatdan istifadə edilərkən istinad zəruridir.
    Əlaqə; email: o.gulaliyev@gmail.com,
    tel; (+994) 070 971 71 21)


Xəbər lenti

"Oqtay Gülalıyev Azərbaycanda onsuz da məhv edilmiş hüquq müdafiə sisteminin azsaylı nümayəndələrindən biridir" -Rüfət Səfərov

"Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər" -Li Litzenberqer

"Oqtay Gülalıyev bu ölkənin vətəndaşıdır" -MÜRACİƏT

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya